Azərbaycan çərşənbə axşamı elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci hissəsi Ukraynaya göndərilib.
23 TIR-dan ibarət yük avtomobili karvanı Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.Bu barədə “İnterfaks-Azərbaycan” Energetika Nazirliyinə istinadən məlumat verir.
Humanitar yükə 900 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 18 ədəd transformator və komplekt transformator məntəqələri daxildir.
Ümumi dəyəri $7,6 milyon olan humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciətlər əsasında təşkil olunub.
“Elektrik avadanlıqlarının növbəti hissələrinin yaxın müddət ərzində göndərilməsi planlaşdırılır”, - nazirlikdən vurğulanır.
Prezident İlham Əliyev 2023-cü ilin iyul ayında Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Energetika Nazirliyinə $7,6 milyonun manat ekvivalentində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.**
X.Nəsirzadə