Bakı sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün İrəvanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bəyan ediblər.
XİN-dən qeyd olunub ki, Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verməsinin təqribən 2 ay yarım müddət çəkməsi “prosesi ciddi şəkildə yubadıb”.
“Sülh danışıqlarındakı bu durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir”, - XİN-dən vurğulanır.
“Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir. Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır”, - nazirlikdən bildirilir.
Həmçinin, XİN Ermənistanın danışıqların tezliklə başlanması üçün bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyir. **
X.Nəsirzadə