Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətərin səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabı Bakıda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə XİN-dən məlumat verilir.
İki ölkə arasında mövcud olan yaxın dostluq və qardaşlıq münasibətlərinin, sıx təmasların siyasi dialoqumuzun əsasını təşkil etdiyi vurğulanıb.
Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi son 30 il ərzində Qətərin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinə verdiyi davamlı dəstəyə görə təşəkkür ifadə olunub.
İqtisadiyyat, infrastruktur, ticarət, turizm, təhsil, mədəniyyət, media və humanitar mübadilə sahələri üzrə Azərbaycan-Qətər əməkdaşlığı və tərəfdaşlığı üçün böyük potensial və perspektivlərin mövcud olduğu bildirilib.
“Bayramov Azərbaycan-Qətər münasibətlərinin inkişafına verdiyi töhfəyə görə səfirə minnətdarlığını bildirilib, ona gələcək fəaliyyətlərində uğurlar arzulayıb”, - məlumatda qeyd olunur.
Səfir öz növbəsində fəaliyyəti dövründə Azərbaycanın dövlət və hökumət qurum və təşkilatlarından aldığı dəstək üçün minnətdarlıq ifadə edib.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. **
B.Rüstəmbəyov