Azərbaycan 2028-ci ilə qədər 1870 MVt həcmində "yaşıl güc"ləri istifadəyə verməyi planlaşdırır, nəticədə enerji sektorunda bərpa olunan enerjinin payı 33%-ə çatacaq. Bu barədə energetika nazirinin müavini Samir Vəliyev məlumat verib.
Çərşənbə günü Vəliyev Bakıda "SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi" mövzusunda SPECA 2023 iqtisadi forumunda “yaşıl” enerjiyə həsr olunan sessiya zamanı məlumat verib ki, hazırda Azərbaycanın elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istehsal olunan güc 1688 MVt səviyyəsində qiymətləndirilir, bu da ümumi gücün 20%-ni təşkil edir. Onun sözlərinə görə, ölkə hökuməti 2030-cu ildə enerji sistemində bərpa olunan enerjinin payını 30%-ə çatdırmağı planlaşdırıb.
Beləliklə, Azərbaycan planlaşdırılan müddətdən öncə hədəfə çatacaq.
Vəliyev vurğulayıb ki, 2025-ci ildə Azərbaycan 240 MVt gücündə külək elektrik stansiyasını istifadəyə verməyi planlaşdırır.
Bundan başqa, yaxın illərdə Azərbaycanda Neftçala rayonunda 315 MVt gücündə GES, Biləsuvar arayonunda 445 MVt gücündə GES, Qaradağ rayonunda 240 MVt gücündə KES inşa etməyi və bir sıra digər bərpa olunan olunan enerji layihələrini reallaşdırmağı planlaşdırır.
Nazir müavini əlavə edib ki, Yaponiyanın TEPSCO enerji şirkətinin ilkin tədqiqatlarına əsasən, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerji sahəsində əhəmiyyətli potensial mövcuddur. Xüsusilə, Qubadlı, Zəngilan, Cəbrayıl, Fizuli rayonlarında günəş enerjisinin potensialı 7,2 min MVt-dan çox, Laçın və Kəlbəcər rayonlarında külək enerjisi - təxminən 2 min MVt gücündə qiymətləndirilir.
Məlumat verilib ki, Energetika Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ildə Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan elektrik enerjisinin payı cari 7%-dən 25%-ə qədər artacaq. **
X.Nəsirzadə