Çərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Dövlət katibinin Avropa məsələləri üzrə müavini Leo Dokerti ilə Bakıda görüşdə ikitərəfli və regional əməkdaşlıq, habelə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
“Görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq, habelə beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb”, - Azərbaycan XİN-in məlumatında deyilir.
Qeyd olunur ki, tərəflər “iki ölkə arasında nəqliyyat, təhsil və bərpa olunan enerji sahələrində əməkdaşlıq, habelə Böyük Britaniya şirkətlərinin Qarabağ vəşərqi Zəngəzurun bərpası və yenidən qurulması istiqamətindəki mümkün fəaliyyəti” barədə fikir mübadiləsi aparıblar.
Bayramov “Azərbaycanın Böyük Britaniya ilə çoxşaxəli münasibətlərinə önəm verdiyini vurğulayaraq, iki ölkə arasında siyasi, iqtisadi, enerji, təhlükəsizlik və humanitar sahələrdə mövcud tərəfdaşlığın daha da gücləndirilməsi imkanlarına toxunub və siyasi dialoqun intensivləşdirilməsinin yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından önəmli olduğunu bildirib”.
Həmçinin, nazir bölgədə mövcud vəziyyət və reallıqlar, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə maneə törədən mina təhdidi, habelə Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi planları və bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla normallaşma gündəliyi barədə məlumatlandırıb.
“Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb”, - XİN-dən vurğulanır. **
Xəbərlər şöbəsi