2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 14,9% - 23 milyard 196,47 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Oktyabrda bankların və BOKT-ların kredit portfeli 0,8% və ya 177,9 milyon manat (sentyabrda +2,4% və ya 534,5 milyon manat) artıb.
Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin həcmi 440,37 milyon manat (hesabat dövründə azalma 25,8% - İF) və ya bütün kreditlərin 1,9%-ni (2022-ci ilin sonuna 2,9%) təşkil edir.
2023-cü il oktyabrın 31-nə dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 5 milyard 279,57 milyon manat (artım 37%) və ya bütün kreditlərin 22,8%-i, özəl banklar tərəfindən 17 milyard 180,1 milyon manat (artım 9,1%) və ya bütün kreditlərin 74,1%-i həcmində kredit verilib. Qalan 736,76 milyon manat (artım 25%) bank olmayan kredit təşkilatlarının payına düşür.
Oktyabrın sonuna verilmiş kreditlərin ümumi həcmindən 18 milyard 704,8 milyon manat (artım 15,5%) milli valyuta, 4 milyard 491,65 milyon manat (artım 12,6%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 19,4% (2022-ci ilin sonuna 19,8%) təşkil edir.
Bankların və BOKT-ların kredit qoyuluşlarının strukturunda 3 milyard 489,5 milyon manat (bütün kreditlərin 15%-i) ticarət və xidmət sahələrinin, 746,99 milyon manat (3,2%) mədən sənayesi və elektrik enerjisi, qaz, su təsərrüfatı sektorunun, 534,4 milyon manat (2,3%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 104,7 milyon manat (4,8%) tikinti sektorunun, 1 milyard 152,8 milyon manat (5%) sənaye və istehsal sektorunun, 1 milyard 326,77 milyon manat (5,7%) nəqliyyat və rabitə sahələrinin, 13 milyard 468,95 milyon manat (58,1%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb.
2023-cü ilin yanvar-oktyabr aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 19,5% artıb (2022-ci ildə artım 31% təşkil edib).**
X.Nəsirzadə