Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək və Fəaliyyət Planının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həlletmək tapşırılıb.
Dərc olunmuş Plana əsasən, 2027-ci ilədək Azərbaycan Respublikasının ərazisindən daşınan tranzit yükdaşımalarının həcmi 13.6 milyon tona çatdırılmalıdır, bu da 2022-ci ilin göstəricisindən 27% çoxdur.
Fəaliyyət Planının əsas məqsədləri aşağıdakılardır: mövcud nəqliyyat infrastrukturunun yükötürmə qabiliyyətinin artırılması; tranzit əməliyyatlar zamanı Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd, gömrük, o cümlədən nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə sürətli keçidin təmin edilməsi; tranzit yükdaşımalar üzrə əməliyyatların optimallaşdırılması üçün yüksək texnologiyaların və innovativ həllərin tətbiqi; Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərindən aktiv istifadənin təşviqi və s.
Bu işlər çərçivəsində Gürcüstanla birlikdə birgə gömrük nəzarətinin həyata keçirilməsi üçün yeni dövlət sərhədindən buraxılış məntəqələrinin inşası; İran İslam Respublikası ilə yeni dövlət sərhədində buraxılış məntəqələrinin inşası; Ələt−Osmanlı−Astara dəmir yolunun yenidən qurulması; Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yük terminalının konteyner üzrə yükaşırma qabiliyyətinin artırılması; Bakı Beynəlxalq Dəniz Ticarət Limanında və Dübəndi terminalında dibdərinləşdirmə işlərinin aparılması; Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində çeşidləmə məntəqəsində əlavə dörd dəmiryol xəttinin və konteyner terminalının tikintisi; Baş Ələt dəmiryol stansiyasının əsaslı təmiri; logistika infrastrukturunun lazımi dərəcədə təkmilləşdirilməməsi və s. işlər həyata keçirilməlidir. **
B.Rüstəmbəyov