Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov cümə axşamı Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
“Nazirlər Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinin müsbət dinamikasını, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən birgə təşəbbüsləri vurğulayıb, SPECA Rəhbər Şurasının 18-ci iclasında müzakirə edilən məsələlərin regional əməkdaşlığın inkişafında önəmini qeyd ediblər”, - məlumatda deyilir.
Tərəflər “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında imzalanmış investisiya müqaviləsinin ölkələrimiz arasında biznes dairələrinin səmərəli əməkdaşlığı istiqamətində əhəmiyyətini bir daha vurğulayıblar.
Bundan başqa enerji sahəsində əməkdaşlığın perspektivləri, iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb, yeni biznes təşəbbüslərinin və investisiyaların təşviqi, “yaşıl” enerji, əczaçılıq, işğaldan azad olunmuş ərazilərimizin bərpasında Macarıstan şirkətlərinin iştirakı və s. məsələləri müzakirə edilib. **
B.Rüstəmbəyov