Cümə günü Bakı şəhərində Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Birgə Viza Sadələşdirilməsi Komitəsinin 7-ci iclası keçirilib. İclasda viza rejiminin sadələşdirilməsi ilə bağlı məsələlər, Azərbaycan və Aİ arasında bu sahədə əməkdaşlığın genişləndrilmısi perspektivləri müzakirə olunub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə 2022-ci və 2023-cü ilin 15 noyabr tarixinədək olan statistik göstəricilərə istinad edilərək, Azərbaycan Respublikası və Avropa İttifaqı vətəndaşları arasında qarşılıqlı səfər sayında ciddi artımın olduğu vurğulanıb.
“İclas zamanı, həmçinin Azərbaycan Respublikası vətəndaşlarının Avropa İttifaqına üzv ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik missiyalarına viza müraciətləri zamanı üzləşdikləri çətinliklər qarşı tərəfin diqqətinə çatdırılıb və onların aradan qaldırılması mexanizmləri üzrə fikir mübadiləsi aparılıb”, - XİN-dən vurğulanır.
İclasda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəsmiləri, eləcə də Avropa İttifaqının Miqrasiya və Daxili İşlər Baş Direktorluğunun nümayəndələri, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməkdaşları və Avropa İttifaqı üzv dövlətlərinin ölkəmizdə akkreditə olunmuş diplomatik missiyalarının konsulları iştirak edib. **
Xəbərlər şöbəsi