İsrail və HƏMAS arasında atəşkəsin birinci günü ərzində Qəzza zolağına humanitar yardım daşıyan 200 yük maşını daxil olub. Bu barədə “The Times of Israel” İsrail tərəfinin məlumatına istinadən xəbər verir.
“Yük maşınları ərzaq, su, avadanlıq və dərman vasitələri çatdırıb”, - deyə İsrail Hökumətinin Fələstin Ərazilərində Fəaliyyətlərin Koordinasiyası Xidmətindən (COGAT) bildirilib.
Daha əvvəl İsrail dördgünlük atəşkəs razılaşması çərçivəsində hər gün Qəzza zolağına 200 yardım maşınının buraxılmasına icazə verəcəyini vəd etmişdi.
Öz növbəsində, BMT cümə günü Qəzzaya yanacağın da çatdırıldığını bildirib.
İsraillə HƏMAS arasında atəşkəs cümə günü səhər saatlarında qüvvəyə minib və 4 gün davam edəcək.*