Türkiyə və Rusiya milli valyutalarda hesablaşmaları əhəmiyyətli dərəcədə artırıb. Bunu Türkiyənin ticarət naziri, Rusiya-Türkiyə Hökumətlərarası Komissiyasının həmsədri Ömer Bolat deyib.
“İkitərəfli ticarətdə türk lirəsi və rublun istifadəsi artır. Türkiyədən Rusiyaya türk lirəsi ilə ixrac 400%-dək, Rusiyadan Türkiyəyə türk lirəsi ilə idxal təxminən 150%, rublla 260% artıb”, - deyə o, jurnalistlərə bildirib.
Bolat, həmçinin deyib ki, bu il ölkələr arasında enerji sahəsində ticarət dövriyyəsi bir qədər azalıb, çünki bütün dünyada enerji məhsullarının qiymətləri ucuzlaşıb. “Ötən il Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi rekord səviyyəyə - $68 milyarda çatıb, bu il Türkiyədən ixrac dəyər ifadəsində $11 milyard, Rusiyadan ixrac $46 milyard, ümumilikdə təxminən $57 milyard təşkil edə bilər”, - deyə ticarət naziri əlavə edib.*