Dünya Bankı (DB) konteyner daşımalarının, neft və neft məhsullarının nəqlinin artması hesabına Orta Dəhlizlə (Middle Corridor) yükdaşımaların 2030-cu ilədək 11,4 milyon tona qədər artacağını proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, DB-nin Orta Dəhlizin fəaliyyətinə həsr olunmuş hesabatına əsasən, 2021-ci ildə dəhlizlə (Qazaxıstan, Azərbaycan və Gürcüstan üzərindən) 3,688 milyon ton yük daşınıb və 2030-cu ilə qədər bu göstəricinin 3,1 dəfə artaraq 11,385 milyon tona çatacağı proqnozlaşdırılır.
DB-nin proqnozlarına görə, 2030-cu ilə qədər dəhlizlə digər konteyner daşımalarının həcmi 4,074 milyon tona çatacaq (2021-ci ildəki 22,7%-ə qarşı 35,8% pay) ki, bu da 2021-ci ilin göstəricisindən 2,5 dəfə çoxdur.
2030-cu ilə qədər neft və neft məhsullarının daşınma həcmi 3,553 milyon ton (2021-ci ildəki 30%-ə qarşı 31,2% pay) təşkil edəcək, bu isə 2021-ci ilin göstəricisindən 3,2 dəfə çoxdur.
Beləliklə, bu iki mal mövqeyi 2030-cu ilədək dəhlizlə bütün yük daşımalarının 67%-ni təmin edəcək.
DB-nin qiymətləndirmələrinə görə, yaxın 10 il ərzində dəhlizlə əlvan metalların daşınma həcmi 2,5 dəfə artaraq 943 min tona, qara metalların daşınma həcmi isə 3,4 dəfə artaraq 597 min tona çatacaq.
DB qeyd edir ki, daha uzunmüddətli dövrdə – 2040-cı ilədək Orta Dəhlizlə əsasən taxıl, qida məhsulları daşınacaq, qara və əlvan metalların payı 2030-cu ildəki səviyyədə qalacaq, kimya sənayesi məhsullarının daşınma həcminin isə artacağı gözlənilir.*
A.Əzizov