25-26 noyabr tarixlərində Şamaxıda keçirilən İkinci Üzüm və Şərab Festivalına 3,5 mindən çox ziyarətçi qatılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Dövlət Turizm Agentliyinə (DTA) istinadən xəbər verir.
Festivalda 20-yə yaxın yerli şərab istehsalçısının müxtəlif növdə və çeşiddə olan şərabları nümayiş etdirilib.
İki gün davam edən festival çərçivəsində şərab dequstasiyaları, yarmarkalar, piknik, eləcə də müxtəlif əyləncəli-musiqili proqramlar təşkil olunub.
“Festival yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasını hədəfləyir”, - deyə DTA-dan bildirilib.
DTA-dan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, festivalı 3,5 mindən çox insan ziyarət edib.
Festivalda uzun illərdən sonra ilk dəfə olaraq Qarabağda - Tuğda yetişdirilən, Azərbaycanın ən qədim yerli texniki üzüm sortu hesab olunan “Xındoqnı” üzüm sortundan alınan yüksək keyfiyyətli qırmızı süfrə şərablarının təqdimatı da baş tutub.*
X.Nəsirzadə