Prezident İlham Əliyev noyabrın 27-də Bakıda cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Bu barədə dövlət başçısının saytında dərc olunmuş məlumatda deyilir.
Prezidentə məlumat verilib ki, Mərkəzdə əsaslı təmir və tikinti işləri bu ilin noyabrında başa çatdırılıb. Ümumi ərazisi 2,2 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb.
Mərkəzdə qadınlar və yeniyetmələr üçün böyük idman zalı yaradılıb. Burada eyni zamanda 60 idmançı məşq edə biləcək.
Əsaslı təmir zamanı Təlim-Məşq Mərkəzinin uzunluğu 96 metr və eni 72 metr olan stadionunun süni ot örtüyü də dəyişdirilib. Həmçinin stadion müasir işıqlandırma sistemi ilə təchiz edilib.
Dövlət başçısı əsas binada yaradılan şəraitlə də tanış olub. Burada kişilər və gənc oğlanlar üçün nəzərdə tutulan məşq zalında eyni vaxtda 100 idmançı məşq edə biləcək. Mərkəzdəki bütün məşq zalları Beynəlxalq Cüdo Federasiyasının standartlarına uyğun olan tatamilərlə təchiz olunub.
Təlim-Məşq Mərkəzində 28 yerlik müasir otel bölməsi də yaradılıb.*
B.Rüstəmbəyov