SOCAR Özbəkistanda kimyəvi maddələrin və qazma məhlullarının istehsalını təşkil etməyi planlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi “Özbəkneftqaz” ASC-nin məlumatına istinadən bildirir ki, hazırda SOCAR-la birgə Özbəkistanın Qaşqadərya vilayətində kimyəvi reagentlərin və neft-qaz avadanlıqlarının istehsalının öyrənilməsi layihəsi həyata keçirilir.
“Layihə çərçivəsində Özbəkistanda kimyəvi maddələrin və qazma məhlullarının istehsalının yaradılması planlaşdırılır. Bundan başqa, quyuların əsaslı təmiri üçün avadanlığın hazırlanması və yataqların işlənməsi, həmçinin quyuların qazılması zamanı geniş istifadə olunan qazma və sementləmə məhlulları üçün komponentlərin saxlanması və paylanması xidmətlərinin göstərilməsi də nəzərdən keçiriləcək”, - deyə məlumatda qeyd olunur.
Bununla yanaşı, Bakıda “Özbəkneftqaz” şirkətinin və SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun ekspert qrupunun görüşü keçirilib.
Səfər zamanı “Özbəkneftqaz”ın işçi qrupu qazma və sementləmə məhlulları üzrə beynəlxalq sertifikat almış sınaq laboratoriyasının fəaliyyəti ilə tanış olub.
SOCAR birgə layihə çərçivəsində Özbəkistanda analoji laboratoriya yaratmağı planlaşdırır.
Danışıqların yekunları üzrə birgə işçi qrupunun üzvləri layihənin növbəti mərhələləri barədə razılığa gəliblər.*
B.Rüstəmbəyov