Asiya İnkişaf Bankı (AİB) Azərbaycan manatı ilə növbəti istiqraz emissiyası çərçivəsində 14,5 milyon manat ($8,52 milyon) cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi AİB-in məlumatına istinadən xəbər verir ki, istiqraz Azərbaycan manatında olsa da, hesablaşma ABŞ dolları ilə aparılır və bu, xarici investorların cəlb edilməsini asanlaşdırır.
İstiqrazların tədavül müddəti 3 il, illik faiz dərəcəsi 6,25% təşkil edir. Qiymətli kağızların emissiyası “Goldman Sachs International” tərəfindən təşkil olunub və istiqrazlar “Record Currency Management” və “Capitulum Asset Management” tərəfindən əldə edilib.
İstiqrazların kotirovkası Lüksemburq Fond Birjasında aparılır.
Bu, AİB-n Azərbaycan manatı ilə həyata keçirdiyi ikinci istiqraz emissiyasıdır. AİB 2023-cü ilin yanvar ayında ilk istiqraz emissiyası çərçivəsində 8,4 milyon manat (təxminən $4,9 milyon) cəlb etmişdi.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya $5,2 milyarddan artıq məbləğdə kredit və qrant ayırıb.*
R.Əhmədov