Bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda 111,207 min hektar ərazi minalardan və partlamamış sursatlardan təmizlənib. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
Onun sözlərinə görə, indiyədək 109 min 552 mina və müharibənin digər partlayıcı qalıqları, o cümlədən 30 min 753 piyada əleyhinə mina, 18 min 531 tank əleyhinə mina və 60 min 268 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
“Azərbaycanda mövcud mina probleminin miqyası olduqca böyükdür. İlkin hesablamalara görə, işğaldan azad edilmiş ərazilərində 1,5 milyona yaxın mina yerləşdirilib və 9 min kvadrat kilometrə yaxın ərazi minalarla çirklənib”, - deyə V.Süleymanov “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfransda çıxışı zamanı bildirib.
O qeyd edib ki, mina və müharibənin partlayıcı qalıqları işğaldan azad edilmiş ərazilərin davamlı inkişafına, insanların rifahına və ətraf mühitə ciddi problem yaratmaqda davam edir. ANAMA sədri mina təhlükəsi ilə mübarizə sahəsində daha sıx əməkdaşlıq qurmağa çağırıb.*
R.Kərimov