Lisenziyası 2023-cü il oktyabrın 19-da ləğv olunmuş “MuğanBank” ASC-nin əmanətçilərinə noyabrın 27-dən bu günə qədər 65 milyon manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilib.
Qeyd olunub ki, 1849 nəfərə kompensasiya ödənilib.
“Əmanətçilərə ödənilmiş kompensasiyanın məbləği 65 milyon manatdan artıq olub. Bu, bank üzrə ödənilməsi nəzərdə tutulan kompensasiya məbləğinin təqribən 32%-ni təşkil edir”, - deyə məlumatda bildirilir.
Kompensasiya ödənişləri agent banklar olaraq seçilmiş “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin bütün ölkə üzrə filial şəbəkələri vasitəsilə həyata keçirilir.
Xəbər verildiyi kimi, Mərkəzi Bank “Muğan Bank” ASC-nin lisenziyasını fəaliyyətində yol verilmiş çoxsaylı pozuntularla əlaqədar 2023-cü il oktyabrın 19-da ləğv edib.*
X.Nəsirzadə