Türkmənistana işgüzar səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bir sıra görüşlər keçirib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovla görüşdə ölkələrimizin ikitərəfli, regional və beynəlxalq müstəvidə əməkdaşlığının güclənməsi istiqamətində həyata keçirilən işlər və onların səmərəli nəticələri barədə müzakirə aparılıb.
İki ölkənin malik olduğu zəngin potensial və resurslara uyğun olaraq tərəfdaşlığın şaxələndirilməsi üçün əlverişli imkanlar qeyd edilib. Mərkəzi Asiya ölkələri arasında ən çox Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin olması vurğulanıb, humanitar, nəqliyyat-tranzit, limanlararası əməkdaşlıq, həmçinin Türkmənistandan Azərbaycana elektrik enerjisinin ixracı imkanları müzakirə edilib.
SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Türkmənistanın Nazirlər Kabinetinin sədrinin müavini Batır Amanov və həmkarları ilə görüşdə qeyd edilib ki, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın gələcək inkişafı üçün yaxşı perspektivlər var.
Tərəflər enerji mübadiləsi üzrə əməkdaşlığın mövcud vəziyyəti, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı barədə fikir mübadiləsi aparıblar.*
B.Rüstəmbəyov