İsrail-Fələstin probleminin həlli və iki dövlətin yaradılması genişmiqyaslı beynəlxalq konfransda müzakirə mövzusu olmalıdır. Çinin xarici işlər naziri Van İ belə hesab edir.
“Çin daha nüfuzlu, genişmiqyaslı və daha effektiv beynəlxalq sülh konfransının keçirilməsinə çağırır”, - deyə o, BMT-nin baş katibi Antonio Quterreşlə görüşdə bildirib.
Van İ vurğulayıb ki, Qəzza zolağında müvəqqəti atəşkəs razılaşmasının saxlanması hazırda ən vacib məsələdir.
“Çinin mövqeyi son dərəcə aydındır: müharibənin yenidən başlamasına yol verilməməli, daha böyük humanitar fəlakətlərin qarşısını almaq üçün hərtərəfli atəşkəs əldə olunmalı və saxlanılan şəxslər azad edilməlidir”, - deyə çinli diplomat vurğulayıb.
O, həmçinin Qəzzaya humanitar yüklərin maneəsiz çatdırılmasının təmin edilməsinin vacibliyini də diqqətə çatdırıb.*