Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin III rübündə istehlak kreditləri üzrə tələbin yüksək olaraq qaldığını bildirir.
“İnterfaks-Azərbaycan” agentliyi AMB-nin təhlilinə istinadən bildirir ki, 2023-cü ilin iyul-sentyabr aylarında kredit kartları və əməkhaqqı kreditləri üzrə tələb artıb, məişət avadanlıqları üzrə tələb isə bir qədər azalıb.
“Banklar IV rübdə kredit kartları üzrə tələbin artması fonunda istehlak kreditləri üzrə tələbin artacağını proqnozlaşdırır”, - deyə AMB vurğulayır.
Mərkəzi Bank III rübdə ipoteka kreditləri, o cümlədən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) hesabına verilmiş kreditlər üzrə tələbin bir qədər azaldığını qeyd edir. Banklar növbəti rübdə ipoteka kreditləri üzrə kredit standartlarında yumşalmaların artacağını, kredit tələbində isə əhəmiyyətli dəyişiklik olmayacağını gözləyir.
2023-cü ilin III rübü üzrə sorğu nəticələrinə əsasən, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (MKOS) verilən kreditlər üzrə şərtlərdə yumşalma olub. AMB-nin məlumatına görə, iyul-sentyabr aylarında MKOS subyektlərinə verilən kreditlər üzrə tələbin artması müşahidə edilib. Banklar növbəti rübdə sektorda iri biznes kreditlərinə tələbin aşağı olacağını gözlədiklərini bildirsələr də, mikro sahibkarlıq subyektləri və KOS subyektləri üzrə kredit tələbinin artacağı qənaətindədirlər”, - deyə AMB vurğulayır.*
R.Əhmədov