Rusiya Prezidenti Vladimir Putin dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək qeyri-formal sammitdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşə bilər, lakin bu görüşün daha tez baş tutması da istisna edilmir. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əgər cənab Paşinyan ora gəlsə, danışmaq üçün gözəl imkan olacaq”, - deyə o bildirib.
Kremlin nümayəndəsi əlavə edib ki, iki lider arasında danışıq sammitdən əvvəl də baş tuta bilər, “əgər dövlət başçıları bunu daha tez etməyi lazım bilsələr, bu, onların qərarı olacaq”
Peskov qeyd edib ki, söhbət Sankt-Peterburqda MDB liderlərinin Yeni il ərəfəsində keçirilən ənənəvi sammitindən gedir, lakin bu, sırf bayram xarakterli deyil, işgüzar görüşlər olacaq.
Daha əvvəl mətbuatda Ermənistan baş nazirinin Rusiya Prezidenti ilə telefon danışığı aparmaq niyyəti barədə məlumatlar yayılmışdı. Dövlət başçısının iş qrafikində bunun yer alıb-almaması ilə bağlı jurnalistlərin sualına Peskov belə cavab verib: “Hazırda yox”.*