Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.
“İnterfaks-Azərbaycan” agentliyi Türkmənistan Prezidentinin saytına istinadən xəbər verir ki, Berdiməhəmmədov Azərbaycan nümayəndə heyətinin Türkmənistana bu səfərinin ikitərəfli ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi yolunda mühüm addım olacağına və qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişafına yeni təkan verəcəyinə əminliyini ifadə edib.
“Türkmənistan Azərbaycanla çoxşaxəli tərəfdaşlığın genişlənməsinə və dərinləşməsinə böyük önəm verir. Qarşılıqlı hörmətə, etimada və anlayışa əsaslanan dostluq və mehriban qonşuluq münasibətləri ölkələrimizi və xalqlarımızı birləşdirir”, - deyə Berdiməhəmmədov bildirib.
Dialoqun daha da dərinləşməsinə verilən önəmdən bəhs edən Türkmənistan Prezidenti ticarət-iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, elmi-texniki, mədəni-humanitar və digər sahələrdə münasibətlərin inkişafı üçün əlaqələndirici orqan kimi iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın rolunun gücləndirilməsinin vacibliyini vurğulayıb.
“Görüş çərçivəsində tərəflər uzunmüddətli əsasda qurulan ənənəvi tərəfdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, iki ölkənin birgə beynəlxalq layihələr həyata keçirməyə imkan verən əlverişli coğrafi mövqeyindən istifadə edilməsinin vacibliyinə xüsusi diqqət yetirilib.
Bu, enerji resurslarının tədarükünü, dəniz limanlarının potensialından istifadə edilməsi və Xəzər dənizi vasitəsilə yükdaşımaların intensivləşirilməsi hesabına ticarət əlaqələrinin genişləndirilməsini, bir çox ölkələri birləşdirən nəqliyyat dəhlizlərinin yaradılmasını, habelə kommunikasiya və rabitə sahəsində qarşılıqlı fəaliyyəti ehtiva edir.
Həmsöhbətlər, həmçinin mədəniyyət, elm və təhsil sahələrində dialoqun genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar ki, bu da iki qardaş xalq arasında əlaqələrin möhkəmlənməsi üçün möhkəm əsasdır.*
R.Əhmədov