2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 1 milyon 723,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,3% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gələnlərin 30,7%-i Rusiya Federasiyası, 17,9%-i Türkiyə, 7,7%-i İran, 5,1%-i Hindistan, 4,8%-i Gürcüstan, 4,1%-i Səudiyyə Ərəbistanı, 2,8%-i Qazaxıstan, 2,5%-i Pakistan, 1,9%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8%-i Özbəkistan, 1,6%-i İsrail, hər birindən 1,5% olmaqla Ukrayna və Küveyt, 1,4%-i Belarus, hər birindən 1,2% olmaqla Türkmənistan və Çin, 1,1%-i Böyük Britaniya, 11,2%-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 69,9%-ni kişilər, 30,1%-ni qadınlar təşkil edib.
2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 49,6% artaraq 692,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41,9% artaraq 89,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 7,4% azalaraq 284,7 min nəfər olub.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,1%-i hava, 26,6%-i dəmir yolu və avtomobil, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.
2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 27,1% artaraq 1 milyon 545,2 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 31,6%, Türkiyəyə gedənlərin sayı 20,7% artıb, İrana gedənlərin sayı 13,9% azalıb. Ölkə vətəndaşlarının 44,3%-i Türkiyəyə, 21,3%-i Rusiya Federasiyasına, 9%-i Gürcüstana, 7,5%-i İrana, 17,9%-i digər ölkələrə səfər edib.
Gedənlərin 65,2%-ni kişilər, 34,8%-ni qadınlar təşkil edib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1 milyon 602,3 min və ya 2021-ci illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
2022-ci ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,5 dəfə artaraq 1 milyon 489,5 min nəfər olub.*
X.Nəsirzadə