Avropa İttifaqı (Aİ) Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqun başlanması və respublikanın silahlı qüvvələrinə dəstəyin göstərilməsi imkanlarını öyrənəcək. Bu barədə Aİ-nin Ermənistandakı nümayəndə heyətinin mətbuat xidmətinin Aİ-nin Xarici Əlaqələr Xidməti, Avropa Komissiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Sərhəd və Sahil Mühafizəsi Agentliyinin nümayəndələrinin noyabrın 27-29-da respublikaya səfərinin yekunları barədə yaydığı məlumatda deyilir.
“Görüş iştirakçıları o cümlədən enerji, nəqliyyat, rəqəmsal texnologiyalar, tədqiqatlar və innovasiyalar sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi və islahatların həyata keçirilməsi yollarını müzakirə ediblər. Aİ və Ermənistan ədliyyə və polis sistemində islahatlar sahəsində əməkdaşlığın davam etdirilməsi, Ermənistanla viza rejiminin liberallaşdırılması barədə dialoqun başlanması imkanlarının öyrənilməsi və miqrasiya məsələləri ilə bağlı əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduqlarını bildiriblər”, - deyə məlumatda qeyd olunur.
Ermənistan və Aİ-nin Sərhəd və Sahil Mühafizəsi Agentliyi arasında əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı razılıq əldə olunub, Ermənistan və Aİ-nin təhlükəsizlik və müdafiə sahələrində gələcək dialoq və əməkdaşlıqla bağlı qarşılıqlı maraq təsdiqlənib.
“Xüsusilə Aİ Avropa Sülh Fondu vasitəsilə Ermənistan silahlı qüvvələrinə dəstək göstərmək imkanlarını öyrənməkdə davam edəcək”, - deyə Aİ nümayəndə heyətindən bildirilib.
Müzakirələrin yekunları üzrə Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının möhkəmləndirilməsi ilə bağlı qərar qəbul edilib.
Bundan başqa, Avropa İttifaqı ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı şəkildə tanınması prinsiplərinə əsaslanan 1991-ci il Alma-Atı bəyannaməsi əsasında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstəyini təsdiqləyib.*