Azərbaycan Respublikasının İqtisadi Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının birgə iclasında “Azərbaycan Hava Yolları” QSC (AZAL) və “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) borc öhdəliklərinin tənzimlənməsinə dair təkliflər müzakirə olunub.
Nazirlər Kabinetindən verilən məlumata görə, iclas baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilib.
“İclasda AİH-in idarəetməsinə verilmiş portfel şirkətlərinin 2023-cü ilin 9 ayının yekunları üzrə Fəaliyyət Hesabatı, o cümlədən maliyyə, kommersiya, investisiya və əməliyyat göstəricilərinə dair əsas nəticələr, “Azərbaycan Hava Yolları” QSC və “Azərbaycan Dəmir Yolları” QSC-nin borc öhdəliklərinin tənzimlənməsinə dair təkliflər, sığorta və rabitə sektoru ilə bağlı cari məsələlər ətraflı müzakirə olunub”, - deyə məlumatda bildirilir.
İclasda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin və Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib.
“İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub, Maliyyə və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinə, Mərkəzi Banka və AİH-in İdarə Heyətinə müvafiq tapşırıqlar verilib”, - deyə məlumatda vurğulanır.*
R.Əhmədov