Prezident İlham Əliyev noyabrın 30-da kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi və Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitindən istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, verilən dövlət zəmanəti və faiz subsidiyası 2028-ci il yanvarın 1-dək dövlət zəmanəti verilərək bağlanılmış bütün kredit müqavilələrinə şamil ediləcək.
Bundan başqa, AKİA ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə, müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına verilən kreditlərə dövlət zəmanəti və Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına faiz subsidiyası vermək hüququ əldə edib. Hər bir layihə üzrə kreditin məbləği 3 milyon manatdan çox, illik faiz dərəcəsi 15 faizdən yuxarı, kreditin müddəti 5 ildən çox, güzəşt müddəti isə 12 aydan çox olmamalıdır.
Müasir suvarma sistemlərinin alıcıları tərəfindən həmin sistemlərin qiymətləndirmə nəticəsində müəyyən olunan satış dəyərinin minimum 20 faizi həcmində ilkin ödəniş edilməlidir.
Verilmiş kreditlərə ümumi kredit məbləğinin aşağıda müəyyən olunmuş həddində dövlət zəmanəti verilir: illik faiz dərəcəsi 14,01 faizdən 15 faizədək olduqda – 30 faiz; illik faiz dərəcəsi 13,01 faizdən 14 faizədək olduqda – 40 faiz; illik faiz dərəcəsi 12,01 faizdən 13 faizədək olduqda – 50 faiz; illik faiz dərəcəsi 12 faizədək olduqda – 60 faiz.
Fərmana əsasən, dövlət qurumlarına üç ay müddətində müasir suvarma sistemlərinin satışı zamanı tətbiq edilən dövlət güzəştlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.*
R.Əhmədov