2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $2,7 milyard təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,1% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
İxracın strukturunda əsas həcm elektrik enerjisi ($348,1 milyon, artım 5,4 dəfə), pomidor ($126,1 milyon, azalma 8%), qızıl ($118,7 milyon, azalma 17%), pambıq mahlıcı ($98,2 milyon, azalma 35,4%), ilkin formalı polipropilen ($94,7 milyon, artım 16,5%), meşə fındığı ($94,3 milyon, artım 17,4%), ilkin formalı propilen sopolimerləri ($79,8 milyon, artım 2 dəfə), xüsusi kütləsi 0,94% olan ilkin formalı polietilen ($79,8 milyon, artım 1,8 dəfə) və polimerləşmədə ilkin formalı maddələrin ($75,2 milyon, artım 13,6%) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($881,4 milyon, artım 28,3%), Türkiyə ($675,9 milyon, artım 16%), Gürcüstan ($266,3 milyon, artım 62%), İsveçrə ($129,8 milyon, azalma 14,9%) və Qazaxıstan ($84,2 milyon, artım 12,3%) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 32,6%-i Rusiyanın, 25%-i Türkiyənin payına düşüb.
2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı $3 milyard 47,67 milyon təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 12,3% çoxdur.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyarda qədər artacaq.*
X.Nəsirzadə