2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın 20 iri dövlət və özəl şirkəti tərəfindən qeyri-neft məhsullarının ümumi ixrac həcmi $1 milyard 601,79 milyon təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2023-cü ilin yanvar-oktyabr aylarında dövlət şirkətləri arasında “Azərenerji” ASC ($347,3 milyon), özəl şirkətlər arasında isə fiziki şəxs Şirinov Elvin Valeh oğlu ($98,4 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında aşağıdakı şirkətlər də təmsil olunur: SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($310,9 milyon), “SOCAR Polymer” MMC ($253,4 milyon), “Azəralüminium” MMC ($109,9 milyon), “AzerGold” QSC ($85,2 milyon), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ($17,9 milyon), “Azərbaycan Hava Yolları” QSC ($17,3 milyon), “Azəripək” MMC ($1,8 milyon), “Azərbaycan Dəmir Yolları” QSC ($1,2 milyon), Naxçıvan MR Dövlət Energetika Xidməti ($0,79 milyon).
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə “MKT İstehsalat Kommersiya” MMC ($75,2 milyon), “Baku Steel Company” MMC ($58,7 milyon), Azerbaijan International Mining Company ($53,2 milyon), “Best Logistik” MMC ($37,4 milyon), “STP Global Cable” MMC ($31,1 milyon), “My Fruit” MMC ($30,1 milyon), “P-Aqro” MMC ($28,7 milyon), “Mors Trading” MMC ($22,6 milyon) və “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC ($20,7 milyon) daxildir.
Azərbaycan 2023-cü ilin yanvar-oktyabr aylarında $2,7 milyard məbləğində qeyri-neft məhsulları (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 11,1%) ixrac edib.*
N.Abbasova