Noyabrın 30-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının iclası keçirilib.
“İnterfaks-Azərbaycan” agentliyi Azərbaycan İnvestisiya Holdinqinin məlumatına istinadən xəbər verir ki, iclasda ASCO-nun 2023-cü ilin 9 ayı üzrə idarəetmə hesabatı dinlənilib, cari il üzrə büdcəsinin icra vəziyyətinə dair məlumatlar nəzərdən keçirilib.
Cəmiyyətin növbəti il üzrə büdcə proqnozları müzakirə olunaraq Müşahidə Şurası tərəfindən təsdiq edilib.
İclasda, həmçinin Cəmiyyətin 2024-2026-cı illəri əhatə edən investisiya fəaliyyəti, o cümlədən Gəmiçiliyin donanmasının yenilənməsi və Transxəzər marşrutu ilə daşımaların artan həcminin qarşılanması məqsədilə Gəmiçilik tərəfindən Bakı Gəmiqayırma Zavodunda yeni gəmilərin tikintisi və Xəzər dənizindən kənar su hövzələrində fəaliyyəti təmin edəcək gəmilərin alınması ilə bağlı investisiya fəaliyyətinin maliyyələşdirilməsi strategiyası müzakirə edilərək müvafiq qərar qəbul edilib.*
X.Nəsirzadə