“OPEC plus” razılaşması çərçivəsində 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel səviyyəsində saxlanılır. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Oktyabrın 30-da OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 36-cı iclası keçirilib.
“İclasda Braziliyanın 2024-cü ilin yanvarından etibarən “OPEC plus”a qoşulması razılaşdırılıb. Bundan başqa, Anqola, Konqo və Nigeriyanın gələn il üçün yeni hasilat kvotaları müəyyən edilib”, - deyə nazirlikdən bildirilib.
Müzakirələr zamanı energetika naziri Pərviz Şahbazov yüksək həmrəylik və rasional tənzimləmə tədbirləri sayəsində 2023-cü ildə qlobal neft bazarındakı vəziyyətin qənaətbəxş olduğunu qeyd edib.
Nazir OPEC və qeyri-OPEC ölkələrinin bu birliyinin, konsensus əsasında fəaliyyətinin növbəti il üçün də vacibliyini vurğulayaraq neft bazarında davamlı sabitlik naminə qərarların qəbulunda yekdilliyi qoruyub saxlamağı tövsiyə edib.
Məlumata görə, “OPEC plus”un növbəti görüşü 2024-cü ilin 1 iyun tarixinə təyin edilib.*
R.Əhmədov