Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində noyabrın 30-da Portuqaliya Respublikasının xarici işlər naziri Joao Qomis Kravinyo ilə görüşüb.
“İnterfaks-Azərbaycan” agentliyi Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə tərəflər ikitərəfli və çoxtərəfli platformalarda yeni əməkdaşlıq perspektivləri, regional vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesi ətrafında fikir mübadiləsi aparıblar.
Görüş zamanı tərəflər Azərbaycan-Portuqaliya münasibətlərinə böyük önəm verdiklərini vurğulayıblar.
Bayramov və Kravinyo Azərbaycan-Portuqaliya iqtisadi əməkdaşlığının yeni sahəsi kimi enerji keçidi və bərpa olunan enerji sahələri, nəqliyyat-kommunikasiya, turizm və s. istiqamətlər üzrə fikir mübadiləsi aparıblar.
Azərbaycan XİN başçısı Portuqaliya şirkətlərini Azərbaycanda bərpaolunan enerji layihələrində iştirak etməyə dəvət edib.
Bayramov portuqaliyalı həmkarını Azərbaycanla Ermənistan arasında sülh prosesinin gedişi barədə məlumatlandırıb, sülh müqaviləsinin imzalanması üçün real imkanların olduğunu vurğulayıb.*
X.Nəsirzadə