Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov noyabrın 30-da ATƏT Nazirlər Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində Birləşmiş Krallığın Müdafiə Nazirliyində silahlı qüvvələr üzrə dövlət naziri Ceyms Hippi ilə görüşüb.
“İnterfaks-Azərbaycan” agentliyi Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı Bakı və London arasında ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlıq müzakirə edilib.
Ölkələr arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, qarşılıqlı investisiyalar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə hazırkı regional vəziyyət əsas müzakirə mövzusu olub.
“Bayramov Azərbaycan və Ermənistan arasında postmünaqişə dövründə normallaşma gündəliyi haqqında qarşı tərəfi məlumatlandırıb, Ermənistanın sülh sazişinin imzalanması prosesində yaratdığı maneələr və Bakının bu prosesin irəlilədilməsi üçün atdığı addımlardan söz açıb”, - deyə məlumatda qeyd olunur.*
R.Əhmədov