“Azərkosmos” ASC 2023-cü ilin yanvar-oktyabr aylarında peyklərin kommersiya istismarından $16,1 milyon məbləğində gəlir əldə edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 25,8% azdır. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Yanvar-oktyabr aylarında “Azərkosmos” 46 ölkəyə peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib. Bu dövrdə peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində Böyük Britaniya ($4,7 milyon), Lüksemburq ($3,4 milyon), BƏƏ ($1,4 milyon), Almaniya ($872,9 min) və Nigeriya ($622 min) qərarlaşıb.
“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78%-ni təşkil edib.
“Azərkosmos” ASC 2022-ci ildə peyklərin kommersiya istismarından $26,6 milyon məbləğində gəlir əldə edib ki, bu da 2021-ci ilin göstəricisindən 41,3% azdır.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.
2014-cü ilin dekabr ayında “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 2023-cü ilin aprel ayında istismar müddətindən 1 il daha tez missiyasını başa çatdırıb.
“Azerspace-2” peyki 2018-ci ilin sentyabr ayında Kuru kosmodromundan orbitə buraxılıb.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.*
B.Rüstəmbəyov