Erməni sakinlərin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə görə məsuliyyət Ermənistanın üzərinə düşür. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 30-da Skopye şəhərində ATƏT Nazirlər Şurasının 30-cu iclasında iştirakı çərçivəsində ATƏT-in baş katibi Helqa Şmidlə görüşündə deyib.
Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı C.Bayramov beynəlxalq təşkilatların nümayəndələrinin erməni sakinlərin Qarabağı könüllü şəkildə tərk etdiklərini, bu prosesdə mülki şəxslərə qarşı heç bir zorakılıq faktının olmadığını təsdiqlədiklərini vurğulayıb. “Bunun məsuliyyəti Ermənistanın və onun tabeçiliyində olmuş qondarma rejimin üzərinə düşür”, - deyə nazir bildirib.
Bayramov Şmidi Azərbaycanın 19-20 sentyabr tarixlərində Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri barədə də məlumatlandırıb.
“Nazir ərazi bütövlüyü və suverenliyin bərpası kimi beynəlxalq hüququn əsas prinsiplərinə münasibətdə ikili standartların, selektiv yanaşmanın tətbiqinin qəbuledilməzliyini qeyd edib”, - deyə məlumatda bildirilir.*
R.Kərimov