2022-ci ildə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) xalis mənfəəti 46,202 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 4,8% çoxdur.
“İnterfaks-Azərbaycan” agentliyi ASK-nın auditi aparılmış illik hesabatına istinadən xəbər verir ki, korporasiyanın gəlirləri 434,197 milyon manat (artım 1,8%) təşkil edib.
Satışların maya dəyəri 340,342 milyon manat məbləğində (artım 2,8%) qiymətləndirilir.
Korporasiyanın əməliyyat mənfəəti 53,558 milyon manat (azalma 12%) təşkil edib.
2022-ci ildə vergidən əvvəlki mənfəət 54,904 milyon manat, mənfəət vergisi xərcləri 8,708 milyon manat təşkil edib.
Hesabat ilində ASK-nın vergi, faiz xərcləri və amortizasiya ayırmaları çıxılmazdan əvvəlki mənfəəti (EBITDA) 80 milyon manat (azalma 4,8%) olub.
2022-ci ildə ASK aktivlərini 0,4% - 1 milyard 501 milyon 19 min manata qədər azaldıb. Aktivlərin strukturunda uzunmüddətli aktivlər 1 milyard 120 milyon 456 min manat məbləğində (azalma 3,7%) əsas paya malik olub. Cari aktivlər 10,6% - 380,563 milyon manata qədər artıb.
2023-cü ilin əvvəlinə korporasiyanın öhdəlikləri 70,682 milyon manat (azalma 21%), o cümlədən uzunmüddətli öhdəlikləri 26,067 milyon manat məbləğində (azalma 0,3%) qiymətləndirilir.
1 yanvar 2023-cü il tarixinə ASK-nın kapitalı 1 milyard 430,337 min manata (artım 0,9%) bərabərdir. Cəmiyyətin nizamnamə kapitalı 500 milyon manat (dəyişməyib), bölüşdürülməmiş mənfəəti 74,012 milyon manat təşkil edib.*
B.Rüstəmbəyov