Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Serbiyada bir sıra hökumət rəsmiləri ilə görüşlər keçirib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Serbiyanın daxili və xarici ticarət naziri Tomislav Momiroviç ilə görüşdə tərəflər ikitərəfli iqtisadi və ticarət əlaqələrini müzakirə ediblər. İki ölkə arasında viza rejiminin aradan qaldırılmasının önəmi qeyd edilib.
Serbiyanın dağ-mədən və energetika naziri Dubravka Cedoviç, tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç ilə də görüşlər olub.
“Tərəflər qaz təchizatı sahəsində imzalanmış sənədlərin icrası, Azərbaycandan Serbiyaya qaz tədarükü ilə bağlı fikir mübadiləsi aparıblar. Serbiyanın Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal əlaqə layihəsinə cəlb edilməsi və elektrik enerjisi ticarəti imkanları nəzərdən keçirilib”, - deyə məlumatda bildirlir.
Bundan başqa, danışıqlar zamanı Belqrad-Bakı-Belqrad marşrutu üzrə birbaşa aviareyslərin yaxın vaxtlarda işə salınacağı qeyd olunub.*
Xəbərlər şöbəsi