Milli Məclisin sədri Sahibə Qafarova Çexiya parlamenti Senatının sədri Miloş Vıstrçil ilə görüşüb. Bu barədə Azərbaycan parlamentinin mətbuat xidmətindən məlumat verilib.
Senatın sədri ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi baxımından parlamentlərarası münasibətlərin önəmini qeyd edib. O, həmçinin deyib ki, münasibətlərimiz funksional və tarazlaşdırılmış münasibətlərdir. Azərbaycan Çex Respublikası üçün dost ölkədir.
Vıstrçil Azərbaycanla Çexiya arasında enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb. O, eyni zamanda, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı niyyətlərini də ifadə edib.
“Görüşdə Azərbaycanın etibarlı tərəfdaş olduğu, Avropanın neft-qaz tədarükçüsü kimi əhəmiyyətli rolu vurğulanıb. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb. O cümlədən Azərbaycan ilə Çexiya arasında humanitar sahədə əməkdaşlığın əhəmiyyəti də vurğulanaraq diqqətə çatdırılıb ki, təhsil, elm, mədəniyyət sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi, mədəni tədbirlərin qarşılıqlı əsasda keçirilməsi mühüm əhəmiyyət daşıyır”, - deyə məlumatda bildirilir.
Öz növbəsində, S.Qafarova regionda mövcud olan vəziyyət, ölkəmizin bölgədə apardığı bərpa və quruculuq işləri barədə məlumat verib.
“Bununla yanaşı, Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi-siyasi təxribatlar, o cümlədən mina təhdidləri, Azərbaycan tərəfindən cari ilin sentyabr ayında 24 saat ərzində həyata keçirilmiş antiterror tədbirləri, Azərbaycanın münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması istiqamətində təşəbbüsləri barədə qarşı tərəf məlumatlandırılıb. S.Qafarova mövcud vəziyyətlə bağlı qəbul edilən qeyri-obyektiv, yalnış informasiyalara əsaslanan qətnamələrin sülh prosesinə zərbə vurduğunu bildirib”, - deyə məlumatda vurğulanır.*
V.Əliyev