Sofiya şəhərində Azərbaycan Respublikası və Bolqarıstan Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin dördüncü iclası keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Bolqarıstan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Tixomir Stoyçev rəhbərlik ediblər.
“Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələr üzrə ikitərəfli münasibətlərin, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib”, - deyə məlumatda bildirilir.
İki ölkə arasında strateji dialoq və siyasi məsləhətləşmələr mexanizmləri, habelə Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Məlumata görə, Bolqarıstan tərəfinə postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhdidləri, ölkəmizin həyata keçirdiyi genişmiqyaslı yenidənqurma, bərpa və şəhərsalma işləri, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramının icrası barədə məlumat verilib.
İclas zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.*
V.Əliyev