Böyük Britaniya Hərbi Hava Qüvvələrinin təyyarələri HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi probleminin həllini asanlaşdırmaq üçün Şərqi Aralıq dənizi, o cümlədən İsrail və Qəzza zolağı üzərində kəşfiyyat uçuşları həyata keçirəcək. Bu barədə “Jerusalem Post” nəşri Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadən xəbər verib.
“2023-cü il oktyabrın 7-də İsrailə qarşı törədilən terror aktlarından sonra Böyük Britaniya hökuməti girovların, o cümlədən oğurlanmış Britaniya vətəndaşlarının azad edilməsi üçün regiondakı tərəfdaşları ilə işləyir. Böyük Britaniya vətəndaşlarının təhlükəsizliyi bizim əsas prioritetimizdir”, - deyə nazirliyin açıqlamasında bildirilir.
Qeyd edilir ki, müşahidə təyyarələri silahlandırılmayacaq, döyüş əməliyyatlarında iştirak etməyəcək və onların rolu girovların axtarışı ilə məhdudlaşacaq.
Qəzzada döyüşlər ötən həftənin cümə günü tərəflərin yeddigünlük atəşkəsin uzadılmasına nail ola bilməməsindən sonra yenidən başlayıb. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi HƏMAS-ı atəşkəs razılaşmasının şərtlərini pozmaqda ittiham edib, çünki qruplaşmanın yaraqlıları İsrail ərazisinə raket zərbələri endirib və girovluqda olan israillilərin azad edilməsini dayandırıb.
Razılaşmaya görə, HƏMAS atəşkəsin hər günü üçün 10 qadın və uşağı, İsrail isə hər girov üçün 3 fələstinli məhbusu azad etməli idi.
7 günlük atəşkəs dövründə HƏMAS 104 girovu - 80 israillini və 24 əcnəbini, İsrail isə 240 fələstinli məhbusu azad edib.*