2023-cü ilin birinci yarısının yekunları üzrə SOCAR şirkətinin gəlirləri 42 milyard 181 milyon manat təşkil edib, bu da 2022-ci ilin 6 ayının göstəricisindən 30,1% azdır.
Bu barədə şirkətin 2023-cü ilin birinci yarısı ərzində BMHS üzrə birləşdirilmiş maliyyə hesabatında qeyd olunur. Audit “Ernst & Young” şirkəti tərəfindən aparılıb.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, yanvar-iyun ayları ərzində SOCAR-ın xalis mənfəəti 1 milyard 414 milyon manat (azalma 3,3 dəfə) təşkil edib.
Hesabata əsasən, bu dövrdə SOCAR-ın satışlarının maya dəyəri 37 milyard 538 milyon manat (azalma 29,6%) təşkil edib.
6 ay ərzində şirkətin mənfəət vergisi üzrə Azərbaycanın dövlət büdcəsinə ödənişləri 476 milyon manat (azalma 40,1%) təşkil edib.
30 iyun 2023-cü il tarixinə şirkətin ümumi aktivləri 70 milyard 351 milyon manat (azalma 13%) səviyyəsində qiymətləndirilir. Həmçinin, hesabat dövründə SOCAR-ın cari aktivləri 30% - 23 milyard 410 milyon manatadək, uzunmüddətli aktivləri 1% - 46 milyard 941 milyon manatadək azalıb.
2023-cü ilin yanvar-iyun aylarında SOCAR-ın məcmu kapitalı 0,9% - 33 milyard 629 milyon manatadək artıb. 2023-cü il iyunun sonuna şirkətin nizamnamə kapitalı 4 milyard 760 milyon manata (dəyişməyib) bərabərdir.
Yanvar-iyun aylarında şirkətin öhdəlikləri 22,7% - 36 milyard 722 milyon manatadək azalıb. Həmçinin, SOCAR-ın uzunmüddətli öhdəlikləri 18 milyard 154 milyon manat (azalma 2%), cari öhdəlikləri – 18 milyard 568 milyon manat (azalma 35,9%) təşkil edir. **
R.Əhmədov