Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana smartfon ixracını ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə - 85,919 min ədədə qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Aİ-nin Statistika İdarəsindən (Avrostat) məlumat verilib.
Statistik məlumatlara görə, hesabat dövründə ixracın həcmi dəyər ifadəsində 1,8 dəfə - 67,7 milyon avroya qədər artıb.
Yanvar-sentyabr aylarında smartfon ixracının əsas hissəsi Çexiyanın payına düşüb. Bu ölkədən Azərbaycana 67,4 milyon avro dəyərində (artım 1,8 dəfə) 83,361 min ədəd (artım 1,6 dəfə), eləcə də Avstriya, Almaniya, Fransa, Xorvatiya, Niderland, Polşa və İsveçdən kiçik partiyalarla smartfon ixrac edilib.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycana 53,915 milyon avro dəyərində 75,020 min ədəd smartfon ixrac edib.
Beləliklə, 2023-cü ilin 9 ayı ərzində Aİ ölkələrindən Azərbaycana smartfon ixracı 2022-ci ilin göstəricisini ötüb. **
R.Kərimov