Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Malayziyanın Bakıda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul edib, tərəflər iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Azərbaycan liderinin saytındakı məlumata əsasən, siyasi münasibətlərimizin yüksək səviyyədə olduğunu deyən Əliyev əlaqələrimizin daha da fəallaşdırılmasının və əməkdaşlığımızın yeni istiqamətlərinin, o cümlədən investisiya, qarşılıqlı ticarət, humanitar sahələrdə müəyyənləşdirilməsinin zəruriliyini bildirdi.
“Dövlət başçısı, eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsinin də vacibliyinə toxunaraq qarşıdan gələn illərdə nazirlər, hökumət nümayəndələri, biznes dairələri arasında qarşılıqlı səfərlərin təşkilinin bu işə xidmət edə biləcəyini dedi”, - məlumatda qeyd olunur.
Öz növbəsində, səfir iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi, turizm, ticarət və digər sahələrdə əlaqələrin möhkəmlənəcəyinə ümidvarlığını ifadə etdi.
“Söhbət zamanı ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq, mədəni-humanitar münasibətlərin genişləndirilməsi məsələləri müzakirə olundu, birbaşa aviareyslərin həyata keçirilməsi, Azərbaycan-Malayziya iqtisadi əlaqələrinin genişləndirilməsi üçün hökumətlərarası komissiyanın yaradılması məsələlərinə toxunuldu”, - məlumatda vurğulanır. **
X.Nəsirzadə