Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan “yaşıl” enerji dəhlizi (“Black Sea Energy”) layihəsinin icrası ilə bağlı 2024-cü ilin sonuna kimi texniki-iqtisadi əsaslandırma (TİƏ) prosesinin yekunlaşdırılması nəzərdə tutulur. Bu barədə Energetika Nazirliyi məlumat verir.
Nazirliyin məlumatına əsasən, Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson arasında görüş zamanı bu layihənin icrası müzakirə olunub.
“Şahbazov və Simson Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji dəhlizi layihəsinin icrası istiqamətində atılan addımları nəzərdən keçiriblər. Bildirilib ki, layihənin həyata keçirilməsinə məsul Birgə Müəssisənin tezliklə yaradılması, gələn ilin sonuna kimi texniki-iqtisadi əsaslandırma (TİƏ) prosesinin yekunlaşdırılması nəzərdə tutulur”, - məlumatda vurğulanır.
Həmçinin, Şahbazov Simsona “Black Sea Energy” ilə Mərkəzi Asiyadan elektrik enerjisinin ötürülməsi üzrə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında əməkdaşlıq barədə məlumat verib. “Yaşıl enerji dəhlizinin genişləndirilməsi və bərpa olunan enerjinin bu nəhəng infrastrukturla nəqlinin Avropanın enerji təchizatının diversifikasiyasını təmin etməklə enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub”, - məlumatda deyilir.
Nazirlikdən vurğulanır ki, görüşdə həmçinin Azərbaycandan Aİ-yə əlavə qaz tədarükü məsələsi müzakirə olunub. “Bununla əlaqədar Şahbazov əlavə qaz həcmlərinin nəqlinin infrastrukturların inkişafını və uzunmüddətli əsasda qaz müqavilələrinin imzalanmasını şərtləndirdiyini vurğulayaraq bu istiqamətdə Avropa İttifaqı ilə sıx koordinasiyalı fəaliyyətin vacibliyini diqqətə çatdırıb. Tərəflər həmçinin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti iclası ilə bağlı (2024-cü ildə - İF) fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” saziş imzalanıb. Saziş Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutur. Söhbət enerji ötürmə gücü 1000 MVt olan 1195 km uzunluğunda elektrik verilişi xəttinin tikintisindən gedir. Kabel Azərbaycanda istehsal edilən elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırılaraq, Macarıstana və Avropanın qalan hissəsinə nəql edilməsi üçün nəzərdə tutulacaq.
Kabel 3-4 il ərzində çəkiləcək.
Avropa Komissiyası kabelin çəkilməsinə 2,3 milyard avro məbləğində vəsait ayırmağı planlaşdırır. Bu, dünyada ən uzun kabel olacaq.**
R.Əhmədov