Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Misir Ərəb Respublikasında səfərdədir, orada bazar ertəsi "EDEX 2023" beynəlxalq müdafiə sərgisinin təntənəli açılış mərasimində iştirak edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Həsənov "EDEX 2023" beynəlxalq müdafiə sərgisində nümayiş etdirilən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinə, eləcə də Türkiyə Respublikasının "TUSAŞ", "ROKETSAN", "ASELSAN", "SARSILMAZ", "CANİK", "BAYKAR" şirkətlərinə məxsus silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
Əlavə edilib ki, səfər çərçivəsində nazir bir sıra şirkət rəhbərləri ilə görüşüb. “Görüşlərdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb”, - MN-dən bildirilir.
Nazirlikdən dəqiqləşdirilib ki, Həsənov Misir Ərəb Respublikasının müdafiə nazirinin dəvəti ilə bu ölkədə səfərdədir. **
R.Kərimov