Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Masdar” şirkətinin (BƏƏ) icraçı direktoru Məhəmməd Cəmil Əl Rəmahi ilə görüşüb, bərpa olunan enerji sahəsində birgə layihələrin icrası məsələləri müzakirə olunub.
Energetika Nazirliyinin məlumatına əsasən, tərəflər 10 QVt-lıq bərpa olunan enerji layihələri üzrə əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
“Masdar şirkəti ilə ilkin mərhələdə quruda və dənizdə 4 QVt “yaşıl enerji” layihələrinin icrası, bu çərçivədə ümumi gücü 1 QVt olan günəş və külək elektrik stansiyaları üzrə oktyabrda imzalanmış İnvestisiya müqavilələrindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, hazırda quruda və dənizdə bərpa olunan enerji mənbələrinin sahələrinin müəyyən edilməsi və müvafiq qurumlarla razılaşdırılması prosesi həyata keçirilir”, - nazirliyin qeyd olunub.
Vurğulanıb ki, “Masdar” həmçinin Azərbaycanda “Yaşıl hidrogen” və “yaşıl ammonyak”la bağlı bazar araşdırmalarını davam etdirir.
Xəbər verildiyi kimi, 2023-cü il oktyabrın 26-da Azərbaycan Hökuməti ilə “Masdar” şirkəti arasında ölkə ərazisində iki günəş və bir külək elektrik stansiyasının inşası layihələri ilə bağlı investisiya müqavilələri imzalanıb. Energetika Nazirliyindən bildirilib ki, üç yeni stansiyanın ümumi gücü 1 QVt olacaq. Neftçala rayonunda günəş elektrik stansiyasının gücü 315 MVt, Biləsuvar rayonunda günəş elektrik stansiyasının gücü 445 MVt, Abşeron-Qaradağ rayonunda külək elektrik stansiyasının gücü isə 240 MVt təşkil edəcək. Xarici investorların qiymətləndirmələrinə görə, bu 3 layihəyə ümumi investisiyalar $1 milyard həcmində qiymətləndirilir.
Bu günədək “Masdar” şirkəti Azərbaycanda dəyəri $262 milyon olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi layihəsini həyata keçirib.**
R.Əhmədov