SOCAR şirkətinin prezidenti Rövşən Nəcəf Dubay şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP-28) çərçivəsindəbir sıra görüşlər keçirib.
Şirkətdən məlumat verilir ki, xüsusilə SOCAR-ın prezidenti Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) ilə görüşüb, Strateji Əməkdaşlığa dair Saziş imzalanıb.
“Saziş SOCAR ilə ADNOC şirkətləri arasında ətraf mühitin mühafizəsi sahəsində birgə fəaliyyətin daha da genişləndirilməsini, “mavi hidrogen”, geotermal və karbon idarə edilməsi üzrə əməkdaşlıq məsələlərini nəzərdə tutur”, - məlumatda qeyd olunur.
Bundan başqa, SOCAR ilə “Sirius” beynəlxalq holdinqi arasında Strateji Əməkdaşlığa dair Saziş imzalanıb.
O cümədən, Nəcəf “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl Rəmahi ilə görüşü olub. Görüşdə birgə həyata keçirilən layihələr müzakirə olunub. “Birgə reallaşdırılan layihələr Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpaolunan enerji mənbələrinin inkişafına əhəmiyyətli töhfə verəcək. Həmçinin, əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə olunub”, - məlumatda qeyd edilib.
O cümlədən, SOCAR-ın prezidenti “Ernst & Young” şirkətinin qlobal sədr müavini Amy M.Brachio ilə görüşüb. Görüşdə bərpaolunan enerji, rəqəmsallaşma, könüllü karbon bazarları sahələrində potensial əməkdaşlıq imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.**
X.Nəsirzadə