Milli Məclisin bu gün keçirilən plenar iclasında İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsinin layihəsini III oxunuşda qəbul edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, 2024-cü ildə İşsizlikdən sığorta fondunun gəlir və xərcləri 238 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 9,3% çoxdur.
2024-cü ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşacaq: işsizlikdən sığorta üzrə sığorta haqları - 179 milyon 976,8 min manat (fondun gəlirlərinin 75,6%-i), 2023-cü ilin sonuna İşsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti - 57 milyon 953,2 min manat (24,4%), qeyri-büdcə sektoru üzrə - 134,6 milyon manat (2023-cü ilin göstəricisi ilə müqayisədə -10,108 milyon manat).
İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçiriləcək: özünüməşğulluq tədbirlərinin təşkili - 73 milyon manat, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın saxlanılması xərcləri - 55 milyon manat, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri - 45 milyon manat, peşə hazırlığı və əlavə təhsilin təşkili - 35 milyon manat, işsizliyə görə sığorta ödənişləri - 15 milyon manat.*
X.Nəsirzadə