Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları $68 milyardı ötüb. Bunu baş nazir Əli Əsədov deyib.
“Strateji valyuta ehtiyatlarımız artır və $68,3 milyard təşkil edir”, - deyə o, bu gün Milli Məclisdə gələn ilin büdcə paketinin müzakirəsi zamanı bildirib.
Xəbər verildiyi kimi, 2022-ci ilin sonuna Azərbaycanın valyuta ehtiyatları təxminən $59 milyard məbləğində qiymətləndirilib. Beləliklə, 2023-cü ilin əvvəlinə bu ehtiyatlar təqribən 16% artaraq rekord səviyyəyə çatıb.
Ə.Əsədov qeyd edib ki, 2024-cü ildə inflyasiyanın birrəqəmli səviyyədə olacağı proqnozlaşdırılır.
“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin 11 ayı ərzində orta aylıq inflyasiya 9,4% təşkil edib. İnflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəsinin, habelə fiskal və monitar siyasətinin təmin edilməsi üçün zəruri tədbirlər davam etdiriləcək”, - deyə o bildirib.
Azərbaycanın strateji valyuta ehtiyatları Mərkəzi Bankın valyuta ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.*
X.Nəsirzadə