Azərbaycan 2030-cu ilədək xarici investisiya hesabına 8 QVt-dan çox “yaşıl enerji” layihələri reallaşdırmağı planlaşdırır. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
Energetika Nazirliyindən verilən məlumata görə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP 28 çərçivəsində Dubay şəhərində Energetika Nazirliyinin təşkilatçılığı və enerji şirkətlərinin iştirakı ilə “Azərbaycanda bərpa olunan enerji investisiyaları üçün imkanlar” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən nazir qeyd edib ki, bu ilin oktyabr ayında “Masdar” şirkəti ilə birlikdə Azərbaycanda ilk xarici sərmayə əsaslı və MDB, Xəzər regionunun ən böyük günəş elektrik stansiyası (230 MVt gücündə) istifadəyə verilib.
P.Şahbazovun sözlərinə görə, 2027-ci ilədək “Masdar”, “ACWA Power”, bp, “China Gezhouba”, “Nobel Energy” və “Baltech” tərəfindən 1,6 QVt-dan çox gücdə 8 günəş və külək elektrik stansiyası inşa olunacaq.
Energetika naziri vurğulayıb ki, 2030-cu ilədək daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə quruda və dənizdə 8 QVt-dan çox “yaşıl enerji” layihələri məhz xarici investisiya hesabına reallaşdırılacaq.
“Həmçinin 2031-2037-ci illərdə “yaşıl enerji”, hidrogen, “yaşıl ammonyak”ın istehsalı və ixracı məqsədilə təxminən 19 QVt həcmində güclərin də yaradılmasını beynəlxalq enerji şirkətləri ilə planlaşdırırıq”, - deyə o əlavə edib.
P.Şahbazov, həmçinin ilkin mərhələdə “yaşıl enerji”nin 4 QVt-nın “Xəzər-Qara dəniz-Avropa” İttifaqı Yaşıl Enerji Dəhlizi” və 1 QVt-dan çoxunun isə Azərbaycan-Türkiyə-Avropa marşrutu ilə ixracı üzrə intensiv işlərin aparılmasından da bəhs edib.
O, külək turbinlərinin istehsalı ilə məşğul olan şirkətlərlə əməkdaşlıq, Azərbaycanda günəş panellərinin yerli istehsalının qurulması, enerji saxlama sistemlərinin yaradılması və s. imkanları da qeyd edib.*
B.Rüstəmbəyov